Azərbaycanda liberalizmin yolu, yaxud yolsuzluğu

Nihad İbrahimxəlilov


İdeologiya olaraq liberalizm ən üst səviyyə fərdi hüquqlar, fikir azadlığı, sekulyarizm, fərdiyyətçilik, irqi bərabərlilik, söz azadlığı, inanc azadlığı, gender bərabərliyi və s. kimi dəyərləri özündə birləşdirir. Liberalların məqsədi dövlətin fərdlər üzərindəki gücünü məhdudlaşdırmaqla yanaşı, onu idarə olunanlara cavabdehlikdə saxlamaqdır. Digər tərəfdən liberallar məhdud dövlətin, yəni, hökumətin daralmasının tərəfdarıdırlar.
XX əsrdə liberal demokratiyalar hər iki dünya müharibəsində qalib gələn tərəfdə olduqları üçün liberal ideyalar brendə çevrilərək daha da yayılmağa başlamışdı. Liberal demokratiya təkcə praktikada deyil, həm də prinsipial olaraq qələbə çalmışdı. Bu, yeganə qanuni idarəetmə forması idi ki, alternativi yox idi.
Bildiyimiz kimi Cənubi Qafqaz ölkəsi Azərbaycan ötən əsrdə Sovet ittifaqının
tərkibində olan respublikalardan biri idi. Sosialist sistemin nəticəsi olaraq bir çox siyasi, iqtisadi, mədəni sahələrin dövlətin monopoliyasında olması, fərdi azadlıqlara, bir sözlə liberal konsepsiyalı azadlıqlara, onun tərəqqisinə
müdaxilələr törədirdi. SSRİ-nin süqutundan sonra 1991-ci il 18 oktyabrdan etibarən öz müstəqillliyinə qovuşan Azərbaycanda yeni ideoloji hərəkətlənmələr üçün müvafiq imkanlar formalaşmağa, kövrək demokratiya nəzdində elə liberalizmin də institutsionallaşmasına münbit şərait yaranmağa başlamışdı. Eyni zamanda Avropa ölkələri ilə iqtisadi əlaqələrin qurulması, əməkdaşlığın yaradılması inteqrasiya prosesinin başlanması kimi sezilirdi. Lakin, gözləntilər özünü doğrultmadı. Azərbaycanda siyasi hakimiyyət sovet ənənəsindən qopmadı. Müstəqillik dövrü ərzində Azərbaycan media, söz, fikir azadlığı və digər azadlıqlarla təmin olunmaması cəmiyyətin liberalizmlə tanışlığına əngəl oldu. Yeni sistem də elə konservativ dəyərlər üzərindən oturuşmağa başladı.
Tarixə nəzər salsaq liberal idarəetmə sisteminə, institutsional liberalizmə keçid əsasən rəngli inqilablarla və ya təkamül yolu ilə, ya da köçən siyasi sistemin dağılmasının alternativi fonunda mümkün olub. Kommunizmin süqutu kimi də tanınan 1989-cu il inqilabları əksər marksist-leninist hökumətlərin süqutu ilə
nəticələnən liberal demokratiya hərəkatlarının inqilabi dalğası idi. Regionla
əlaqədar post-kommunizm dövrü Şərqi Avropa ölkələri üçün uğurlu hesab oluna bilər. Fəqət, Qərbdən kənarda qalan digər post-sovet ölkələri bazar iqtisadiyyatı, qanunun aliliyi, liberal vətəndaşlıq kimlikləri, vətəndaş cəmiyyətinin işləməsi sahəsində demək olar ki, təcrübəli olmadıqları üçün kommunist rejimdən yaxa qurtarmaları da bir o qədər çətindir. Buna baxmayaraq liberal partiyalar bütün dünyada güc, nəzarət və təsirə malik olmaqda davam edirlər. Fəqət, Latın Amerikası, Afrika və Asiyada liberalizmin hələ də öhdəsindən gəlməli olan
çətinlikləri var.
Şərqi Avropa ölkələri ilə Azərbaycandakı liberalizm arasında müqayisəli təhlilə baxsaq,1989-cu ildən etibarən Şərqi Avropada liberal partiyalar seçkilərdə üstünlük əldə etməyə başlayırlar.
Polşa
Polşada seym və senat üzvlərini seçmək üçün 1989-cu ildə parlament seçkiləri keçirilir. Bu, “Kommunist Polşa Birləşmiş Fəhlə Partiyası”nın 1989-cu ilin aprelində hakimiyyət monopoliyasından əl çəkməsindən sonra ölkədə keçirilən ilk seçkilər idi. Liberal ideologiyalı “Vətəndaşların Həmrəylik Komitəsi” 161 yer; mərkəz, mərkəz sol, Avropayönümlü “Demokrat Partiyası” isə 27 yer qazanmaqla parlamentdə təmsil olunurlar.
Estoniyada seçkilərdə mərkəzçi sosial-liberal partiya “Təhlükəsiz Ev Partiyası” 17; ideoloji spektrı mərkəz, mərkəz sol olan sosial liberal partiya “Estoniya Xalq Cəbhəsi” isə parlamentdə 15 yer qazanır.
Latviyada seçkilərdə mühafizəkar liberal ideologiyalı sağ mərkəz partiya “Latviya Yolu” partiyası 33% səs çoxluğu ilə parlamentdə təmsil olunur.
Litvada isə mərkəz sağ liberal mühafizəkar “Vətən Birliyi-Litva Xristian Demokratları” partiyası 31% səslə parlamentdə təmsilçilik hüququ qazanır. Post-kommunizm dövründə bu ölkələrdə liberal partiyalar parlamentdə irəli
gedən xəttlə təmsil olunsalar da birinciliyi hələ də sosialist, kommunist partiyalar tuturdu. Növbəti seçkilərdə tədricən həmin tendensiya səngiyir,
mərhələli şəkildə üstünlük liberal partiyaların əlinə keçir.
Post-sovet dövründə MDB ölkələrinin 1990-cı illəri heç də demokratik
seçkilərin keçirilməsi və liberal partiyaların yaranması, qalibiyyəti və həmin ölkələrin Avro-Atlantik məkana inteqrasiya xəttinin başlanması kimi xarakterizə olunmur. Elə Azərbaycanın siyasi həyatı da eyni xarakteristika üzrə səviyyələnib Azərbaycanda ilk liberal partiya 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan “Əhrar” partiyası idi. Sədri Aslan bəy Qardaşov olan partiya AXC parlamentində 6 yer tutmaqla təmsil olunmuşdu. Parlamentdə
təmsilçilikləri eyni adlı fraksiya çərçivəsində keçirdi. Fraksiyanın üzvləri Aslan bəy Qardaşov, Rəşid bəy Qaplanov, Abdulla bəy Əfəndizadə, Qərib Kərim oğlu, Bayram Niyazi Kiçikxanlı və başqaları idilər.
“Əhrar” partiyasının siyasi motivi həmin dövrdə aqrar islahatların həyata keçirilməsi, mülkədar torpaqlarının kəndlilər arasında bölüşdürülməsi, 8 saatlıq iş gününə keçid, əməyin mühafizəsinin təmin olunması olmuşdur. Xarici siyasət sahəsində qonşu respublikalarla dostluq münasibətlərinin qurulmasına və inkişaf etdirilməsinə üstünlük verən partiya, Azərbaycan xalqı ilə yanaşı, bütün Qafqaz xalqlarının müstəqilliyinin və onların hüquqlarının müdafiə edilməsinin vacibliyinə xüsusi diqqət yetirirdi. 1919-cu il aprelin 14-də “Əhrar” fraksiyasından Rəşad bəy Qaplanov maarif və dini etiqad naziri, Aslan bəy Qardaşov isə əkinçilik naziri kimi Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi hökumətdə idilər. Həmin dövrdə “Əhrar” fraksiyası aqrar islahatların
keçirilməsinin ləngidilməsinə görə hökuməti tənqid edən sosialistlərlə eyni mövqedən çıxış edirdi. Bolşeviklərlə koalision hökumətdən narazı olan Aslan bəy Qardaşov “Əhrar” nümayəndələrinin koalisyon hökumətdən çıxması barədə 1920-ci il aprelin 15-də bəyanat verir. Bundan sonra Əhrar fraksiyası
Məmmədhəsən Hacınskinin baş nazir vəzifəsinə təyin olunmasına və
bolşeviklərlə birgə yeni hökumət formalaşdırılmasına razılıq versələr də, artıq gec olur. Bolşeviklər heç bir koalisiyaya razı olmurlar və hakimiyyətin təhvil verilməsi barədə parlamentə ultimatum göndərirlər. Gərgin mübahisələrlə qarşılanan bu sənədin müzakirəsində Müsavat partiyasından başqa bütün partiya liderləri ilə birgə Aslan bəy Qardaşov da ultimatumun qəbul edilməsinə və hakimiyyətin bolşeviklərə təhvil verilməsinə səs verdi. XI Qırmızı Ordu aprelin 28-də Bakıya daxil olduqdan sonra parlament və bütün siyasi partiyalar buraxıldı. Bununla Əhrar partiyasının da fəaliyyətinə son qoyuldu.
Müstəqillik dövrünün Azərbaycanında liberalizm partiyalaşmada, ideoloji dəyər kimi yeni yaranan partiyaların məqsədlərində institutsional siyasi xətt kimi qeyd olunmaqla partiya nizamnaməsində nəzərdə tutulmuşdu. Partiya nizamnaməsinə əsaslansaq liberal ideologiyalı partiyalardan ölkədə “Azərbaycan Liberal Partiyası”, “Müsavat”, “AXCP”, “Müasir Müsavat Partiyası”, “Böyük Qurtuluş Partiyası”, “Gələcək Azərbaycan Partiyası”nı misal göstərmək olar.
“Azərbaycan Liberal Partiyası” 2005-ci ildə parlament seçkilərində 70 namizəd irəli sürmüşdü, seçkidən sonra isə yalnız 1 namizəd parlamentə keçə bilmişdi. 2008-ci il prezident seçkilərini boykot edən partiya mövqeyini dəyişməklə
2013cü il prezident seçkilərində Demokratik Qüvvələrin Milli Şurasına qatılaraq vahid namizəd Cəmil Həsənliyə dəstəyini ifadə etsə də seçki uğursuz nəticələnir. Əsas müxalif alyans AXCP 2005-ci ildən, Müsavat partiyası isə 2010-cu ildən etibarən parlamentdə təmsilçiliyini itirmiş və seçkilərin anti-demokratik mühitdə keçdiyini bəyan etmişdilər.
“Böyük Qurtuluş Partiyası”nın sədri Fazil Mustafa liberal demokratiyanın adını partiya müstəvisində indi də Milli Məclisdə təmsil edir. Fəqət, partiyanın nə ideologiyaya söykənən fəaliyyəti, nə də ki siyasi proseslərə təsir mexanizmi müşahidə olunur. Bundan əlavə Azərbaycan müxalifət nümayəndələri BQP-nin fəaliyyətini müxalifətlikdən “hakimiyyətyönlülüyə əyilmə” kimi xarakterizə edirlər.
Ümumiyyətlə seçkiyə qatılan əksər partiyalar ideoloji aspektdən təbliğattəşviqat kampaniyası aparmamış, demək olar ki, bütün hallarda partiyalar sosial narazılıqları, problemləri işıqlandırmaqla səs toplamaq, seçilmək taktikası
üzərində işləmişdilər. İdeoloji təbliğat, təşviqat kampaniyasının aparılmamasını, seçkilərin ideoloji müstəvidə olmamasını Azərbaycan xalqını liberalizmdən uzaq salan əsas səbəb kimi görə bilərik. Əksinə olaraq dini qruplar, sol qruplar,
millətçi sağ spektr hələ də ictimai-siyasi sferada dəstək görür. Eyni zamanda seçki monitorinqindən əsaslansaq, demokratik seçkilərin keçirilməməsi kimi hallarla, qayda pozuntuları ilə tez-tez rastlaşa bilərik ki, bu da həm xalqda, həm də siyasi partiyalarda seçkiyə olan inamı sarsıtmışdır.
Liberal təşəbbüslərlə bağlı Azərbaycanın Milli Məclisi də təklif irəli sürmüşdü. Azərbaycanda liberal iqtisadiyyata keçidin təməlinin qoyulması ilə bağlı 2004cü ildə parlamentin hazırladığı Rəqabət Məcəlləsi uzun ildən sonra 2022-ci ildə Nazirlər Kabinetinə təqdim olunmasına baxmayaraq hələ də qəbul olunmamaqla proses ləngidilir. Rəqabət Məcəlləsi ilə bağlı şərh verən analitiklər iqtisadiyyatın liberallaşmasını təmin etmək üçün məhkəmə islahatlarının və digər köklü
dəyişikliklərin də olmasını zəruri hesab edirlər. Əks təqdirdə isə məcəllənin
ölkənin liberal iqtisadiyyata keçidini təmin etməsi üçün yetərli olmadığını düşünürlər.
Siyasi partiyalardan əlavə Azərbaycanda liberal ideoloji hərəkətlənmənin, liberal institutlaşmanın formalaşması uğrunda hərəkatlardan “Oyan” hərəkatı, təsisatlardan “Liberal Düşüncə Dərnəyi”, “Liberallar Dərnəyi” və s. kimi
təşkilatlar siyasi çətinliklərdən yaranan uğursuzluqlara baxmayaraq dəyişikliyi hədəfləyən ideoloji fəaliyyət, maarifçilik mübarizəsi ilə ölkəyə yenilik, liberal ideoloji cərəyan gətirmək hədəfində idilər və indi də hədəfindədirlər. Sovetdən qopan ölkələr, Azərbaycan üçün liberal ideoloji sistemə keçid nə qədər çətin və ağrılı proses olmasına baxmayaraq hələ də alternativ olaraq qalır.
Liberalizmə zidd və liberallardan asılı olmayan səbəbə gəldikdə insanların davranışına təsir edən proseslər, ölkədə iqtisadi-sosial rifahın aşağı səviyyədə olması, regionda baş verən müharibələr, suverenliyə təhdid hallar Azərbaycanda əhali arasında liberalizmin nüfuz qazanmasında əsas əngəllərdən biri kimi qalır.
Mənbə və keçidlər üçün:

  1. https://www.manchesterhive.com/display/9781526137951/978152613795 1.00014.xml
  2. https://freedomhouse.org/country/azerbaijan/nations-transit/2017
  3. http://archive.ipu.org/parline-e/reports/arc/2255_89.htm
  4. https://www.europarl.europa.eu/election-results-
    2019/en/europeanresults/1989-1994/constitutive-session/
  5. https://www.bbc.com/azeri/news/story/2010/11/printable/101108_oppositi on_seats
  6. https://www.wikimedia.azaz.nina.az/Az%C9%99rbaycan_Liberal_Demok rat_Partiyas%C4%B1.ht ml
  7. https://cebheinfo.az/MEDIA/milyardlar-xerclense-deliberal- iqtisadiyyatakecid-niye-mumkun-olmur

Recent Articles

“Müasir Azərbaycan ədəbiyyatı varmı?” başlıqlı müzakirə keçirilib

İştirak Evində Aristotel Fəlsəfə Klubu tərəfindən 27 oktyabrda təşkil edilən "Müasir Azərbaycan ədəbiyyatı varmı?" başlıqlı müzakirə keçirilib.Tədbirin spikeri yazıçı, Avrasiya Universitetinin müəllimi...

ABŞ PREZİDENT SEÇKİLƏRİ MÜZAKİRƏSİ

ABŞ-dəki seçkilər haqqında nə düşünürsüz?Sizcə Demokratlar qalib gələcək, ya Respublikaçılar?Gəlin, biryerdə müzakirə edək!Seçki Müşahidə Alyansı sizi 3 noyabr saat 17:30-da İştirak Evində...

Əmək münasibətlərində gender bərabərliyi: Qanunvericilikdə və Praktikada

İştirak Evində Qadın Hüquqları Evi tərəfindən 27 oktyabrda təşkil edilən "Əmək münasibətlərində gender bərabərliyi: Qanunvericilikdə və Praktikada" başlıqlı müzakirə keçirilib.Tədbirin spikeri hüquqşünas...

Hüquqşünas tələbələr, bu elan sizin üçündür! 📢

Sabahın Vəkilləri İctimai Birliyi sizləri “Leqal Söhbətlər” adlı silsilə müzakirələrə dəvət edir.Növbəti müzakirəmiz “Avropa İnsan Haqları Məhkəməsinin təfsir üsulları” mövzusunda təcrübəli hüquqşünas...

Müasir Azərbaycan ədəbiyyatı varmı?

"Aristotel" Fəlsəfə Klubu yeni mövsümdə yenilənmiş şəkildə qarşınızdadır.27 oktyabr saat 17:30-da Avrasiya Universitetinin müəllimi və AMEA-nın doktorantı Yusif Bidanın spikerliyi ilə Azərbaycan...

Related Stories

Stay on op - Ge the daily news in your inbox