Şahin Bayramlı
Dünyada və Azərbaycanda hər bir kəsin əmək hüquqları var, bu konteksdə hər bir fərd əmək münasibətlərinə daxil olaraq qarşılığında əmək haqqı əldə edə bilər. Əmək münasibətlərinə daxil olan subyektlərin dairəsi həm beynəlxalq sənədlərlə, həm də ölkələrin öz qanunverciliyi ilə müəyyən olunur. Bununla yanaşı, həm həssas qrupların, müəyyən güzəştlər tətbiq olunan şəxslərin dairəsi də yenə həm beynəlxalq sənədlərlə, həm də ölkələrin öz daxili qanunvericiliyi ilə müəyyən olunur. Xüsusi diqqətlə və həssaslıqla yanaşılmalı olan qruplardan biri də məhz uşaqlardır.
Bəs kimlər uşaq hesab olunmalıdır? Bununla bağlı ilk olaraq Azərbaycan Respublikasının qanunvericiliyinə nəzər salaq. 4 dekabr 2009-cu il tarixli, 924-IIIQD nömrəli “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa nəzər salaq[1]. Həmin qanunun 1-ci maddəsi bunu deməyə əsas verir ki, 18 yaşına, yəni yetkinlik yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar.[2] Bununla yanaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə nəzər salsaq, eyni anlayışla qarşılaşa bilərik :
“…..
49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar.
……”[3]
Birləşmiş Millətlər Təşkilatı (Bundan sonra, BMT) Uşaq Hüquqları haqqında Konvensiyasının 1-ci maddəsində oxşar müddəa ilə çıxış edir:
“Maddə 1
Hər bir insan 18 yaşına çatanadək bu
Konvensiyanın məqsədlərinə görə uşaq
sayılır. Bu şərtlə ki, həmin uşaq barəsində
tətbiq edilə bilən qanuna görə, o yetkinlik
yaşına daha əvvəl çatmamış olsun.
…..”[4]
Həm daxili qanunvericilik, həm də bunun kimi müxtəlif beynəlxalq sənədlər cəmiyyətin həssas qrupu olan uşaqları qorumağa yönəldilir və bu sahədə bir çox işlər görülür. Uşaq hüquqları bir çox yöndə özünü ifadə edir və həmin yönlər üzrə tənzimlənməyə ehtiyac duyur. Bu istiqamətlərdən biri də əmək hüquqları kontekstində tənzimləməni ehtiva edir.
Uşaq əməyi (child labour) dünyada və ölkəmizdə kifayət qədər geniş yayılmış pozuntulardandır. Uşaq əməyi ilə əlaqədar araşdırma aparmaq üçün, əvvəla, uşaq əməyinin tarixinə nəzər salmalı, anlayışını araşdırmalı, həmçinin niyə ciddi problem yaratdığını əsaslandırmaq lazımdır.
İlk olaraq Uşaq Hüquqları haqqında Konvensiyanın 19-cu maddəsinə nəzər salaq:
“….
Maddə 19
Dövlət uşağı fiziki, yaxud psixoloji zorakılığın, təhqirin və ya sui-istifadənin, qayğısızlığın və ya etinasız münasibətin, kobud rəftarın və ya istismarın hər cür formasından qorumaq məqsədilə bütün lazımi qanunvericilik, inzibati, sosial və maarifçilik tədbirlərini görməlidir.
….”[5]
- cu maddənin mətninə nəzər saldıqda açıq-aşkar görünür ki, BMT bu Konvensiya vasitəsi ilə Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün öhdəlik müəyyənləşdirir. Maddənin mövzu ilə əlaqəsi isə özünü despozisiyanın 2-ci hissəsində göstərir. Belə ki, bildiyiniz kimi istismarın müxtəlif istiqamətləri və müxtəlif formaları var. [6]Bu istiqamətlərdən biri də Uşaq istismarıdır ki, onun da ifadə olunma formalarından biri əmək hüquqları kontekstində ifadə olunur. Həmçinin, Dünya Sağlamlıq Təşkilatı (WHO) uşaq istismarına anlayış verərək bildirir ki, “İstismar; geniş mənada bir yetkin tərəfindən məqsədli və ya məqsədsiz halda edilən , uşaq sağlamlığını, fiziki, psixi, sosial inkişafına mənfi yöndə təsir edən davranışlardır.”[7]
Burda bir məsələni aydınlaşdırmaq lazımdır ki, uşaqların ictimai faydalı və məqsədyönlü əməklə məşğul olması bütün hallarda istismara səbəb olurmu? Bu suala cavab vermək üçün Beynəlxalq Əmək Təşkilatının (BƏT) yanaşmasına diqqət yetirmək mühüm əhəmiyyət daşıyır:
“….
Not all work done by children should be classified as child labour that is to be targeted for elimination.
….”[8]
BƏT belə hesab edir ki, uşaq əməyinin bütün növlərini pozuntu hesab etmək olmaz. Əksinə minimum yaş həddinə çatmış uşaqların və ya yeniyetmələrin ictimai faydalı əməklə məşğul olması, əgər onların təhsilinə və inkişafına mane olmursa və psixi, fiziki, əqli, əxlaqi sağlamlıqlarına hər hansı mənfi təsir göstərmirsə, bu müsbət hal kimi qiymətləndirilməlidir. Buraya həmçinin, ailə biznesinə və digər növ fəaliyyətlər aid edilir. Çünki bu cür fəaliyyətlər uşaqların inkişafına töhfə verir, həmçinin onlara bacarıqlar və təcrübə qazandırır. Bu cür fəaliyyətlər uşaqların müstəqil bir fərd və şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır.
Bununla yanaşı, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 24-cü maddəsinə əsasən, hər bir uşağın yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüququ vardır. Bu hüquqlar Azərbaycan Respublikasının (bundan sonra, AR) Əmək Məcəlləsinə əsasən tənzimlənir. Belə ki, Əmək Məcəlləsinin 42 və 46-cı maddələrindən açıq-aşkar görünür ki, əmək qanunvericiliyi 15 yaşdan aşağı şəxslərlə bağlanmış əmək müqaviləsini bağlandığı andan etibarsız sayır və heç bir hüquqi nəticə yaratmadığını diqqətə çatdırır. [9] Qanunvericilik 18 yaşına çatmamış şəxslərə münasibətdə müxtəlif güzəştlər və bu güzəştlərə münasibətdə normalar müəyyənləşdirir.
Yaş senzi ilə bağlı onu demək mühümdür ki, sözügedən senzi təkcə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq etmir. Belə ki, 176 ölkənin də ratifikasiya etdiyi 19 iyun 1976-cı ildə qüvvəyə minmiş, 138 nömrəli “Minimum yaş” Konvensiyasında minimum yaş hədlərinə münasibət bildirilərkən qeyd edilmişdir ki, dövlətlər əmək üçün minimum yaş hədlərini seçməkdə sərbəstdir, amma bu zaman belə minimum yaş həddini dövlətlərə 15 yaş kimi müəyyənləşdirməyi tövsiyyə edir[10] [11].
Bəs nə zaman öncəki səhifələrdə danışdığımız uşaq istismarına əsas verən “uşaq əməyi” terminindən istifadə edə bilərik? Uşaq əməyi termini çox vaxt uşaqları uşaqlıqdan, potensialından və ləyaqətindən məhrum edən, fiziki və əqli inkişafına zərər verən iş kimi müəyyən edilir. Bu cür iş;
- Uşaqlar üçün psixi, fiziki, ruhi və sosial cəhətdən təhlükəli və ya zərərlidir;
- Uşaqların məktəbdə təhsilinə mane olur: onları məktəbə getmək imkanından məhrum etməklə, onları məktəbi vaxtından əvvəl tərk etməyə məcbur edir və ya onlardan məktəbə davamiyyəti həddindən artıq uzun və ağır işlərlə birləşdirməyə cəhd etmələrini tələb edir.
Biz uşaq əməyini müxtəlif formalara ayıra, hətta bu formalara fərqli yönlərdən yanaşa bilərik. BƏT Uşaq Əməyinin ən pis formaları adlı başlıq açaraq bu formaları digər formalardan xüsusilə fərqləndirir və ciddi pozuntuların məhz bu kontekstdə yarandığını bir daha vurğulayır. Məhz bununla əlaqədardır ki, 1999-cu il iyunun 17-də Cenevrə şəhərində BƏT Baş Konfransı tərəfindən “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyanı qəbul edilmişdir [12].
Həmin 182 nömrəli Konvensiya əsasən “uşaq əməyinin on pis formaları” termininə aşağıdakılar daxil edilməlidir:
- Köləliyin bütün formaları və ya köləliyə oxşar təcrübə, məsələn, uşaqların satılması və uşaq alveri, borc və təhkimçilik asılılığı, habelə məcburi və ya icbari əmək, o cümlədən, uşaqlardan silahlı münaqişələrdə istifadə edilməsi üçün onları məcburi və ya icbari surətdə cəlb etmə;
- Fahişəliklə məşğul olmaq, pornoqrafik materialların istehsalı, yaxud pornoqrafik tamaşalar üçün uşaqdan istifadə etmə, onu cəlb etmə və ya təklif etmə;
- Müvafiq beynəlxalq müqavilələrdə müəyyən edildiyi kimi, hüquqa zidd fəaliyyətlə məşğul olmaq üçün, xüsusilə, narkotik maddələrin istehsalı və satışı üçün uşaqdan istifadə etmə, onu cəlb etmə və ya təklif etmə;
- Öz xarakterinə və ya yerinə yetirildiyi şəraitə görə uşaqların sağlamlığına, təhlükəsizliyinə və ya mənəviyyatına ziyan vura biləcək iş.
Uşaq əməyi və onun digər qadağan edilmiş formaları niyə cəmiyyət üçün problemdir, gəlin onu əsaslandıraq. Bu məsələdə müxtəlif səbəblər ola bilər, lakin səbəbləri ümumiləşdirsək, onları aşağıdakı başlıqlarda ifadə etmək daha uyğun olar:
- Fiziki və ya zehni zərərlə nəticələnir;
- Köləlik və cinsi istismar yaradır;
- Uşaqları məktəbdən və sağlamlıqdan məhrum edir;
- Onların fundamental hüquqlarını məhdudlaşdırır və gələcəkləri üçün təhlükə yaradır.[13]
Bundan doğan növbəti sual bundan ibarətdir ki, bəs uşaq əməyinin yaranmasının səbəbləri nələrdir? Bu məsələyə müxtəlif yanaşmalar var, amma yanaşmaları ümumiləşdirsək, onu aşağıdakı kimi ifadə etmək olar:
- Yoxsulluq;
- Keyfiyyətli təhsilə əlçatımlılığın olmaması;
- Layiqli işə çıxışın olmaması;
- Hüquqi savadsızlığın olması;
- Pandemiyalar və ya iqlim dəyişiklikləri;
- Müharibələr və məcburi köçlər. [14]
Hal-hazırda son açıqlanmış statistikalara əsasən dünyanın ən kasıb ölkələrində hər 5 uşaqdan 1-dən daha çoxu uşaq əməyinin qurbanına çevirilir[15]. Sub-sahara bölgəsində də 5-17 yaş arası hər 4 uşağın 1-i və ya daha çoxu istismara məruz qalır:[16] Həmçinin, təəssüf doğurucu haldır ki, Azərbaycan Respublikasında da bu hallara rast gəlinir və hətta deyərdim ki, ənənəvi hal alıb. [17]

Təəssüf hissi ilə bildirirəm ki, iqtisadiyyatın hər sahəsində uşaq əməyinə və bu kontekstdə onların hüquqlarının istismar olunduğu ilə rastlaşsaq da, bu cür istismar özünü ən çox kənd təsərrüfatı sahəsində göstərir.

(UNİCEF və BƏT, 2021, Uşaq əməyi: Qlobal təxminlər 2020, tendensiyalar və irəliyə doğru yol)[18][19]
- ci il üzrə aparılmış son araşdırmalar göstərir ki, hal-hazırda dünyada 160 milyondan çox uşaq bu istismarın qurbanıdır. Bunlardan 79 milyondan çoxu isə uşaq əməyinin ən pis on formaları üzrə istismara məruz qalırlar. [20] Proqnozlar isə bu istiqamətdə görülən işlərin effektiv olacağını 2025-ci ildə bu fantastik rəqəmlərin təxminən 20 milyon azalaraq 140 milyona düşməsi ehtimal olunur. [21]

(UNİCEF və BƏT, 2021, Uşaq əməyi: Qlobal təxminlər 2020, tendensiyalar və irəliyə doğru yol, səhifə 25, f.6)[22]
BMT və BƏT-in qəbul etdiyi beynəlxalq sənədlər birbaşa olaraq onları ratifikasiya edən dövlətlər üçün öhdəliklər və ya vəzifələr müəyyənləşdirir.
Bununla bağlı BƏT-in hazırladığı bir təlimat kitabçasına və ya bələdçiyə diqqətinizi çəkmək istəyirəm. Belə ki, həmin təlimat kitabçası məhz uşaq əməyinin müəyyən edilməsi, idarə edilməsi və aradan qaldırılması ilə bağlı hazırlanmışdır. [23] Həmin təlimat kitabçası həm işəgötürənlər, həm də dövlət üçün istiqamətverici xarakter daşıyır.
“…
Child labour is a violation of fundamental human rights.[24]
…”
Həmin təlimat kitabçası bu sahədə atılmalı olan addımları 3 istiqamətdə birləşdirir:
- Uşaq əməyinin qarşısını vaxtında almaq;
- Gənc işçilər (15 və 18 yaş aralığındakı işçilər) üçün ayrı-seçkiliyə yol vermədən, təhlükəsiz əmək şəraiti yaratmaq;
- Uşaq əməyi aşkarlandıqda atılmalı olan addımlar.
Bundan başqa, təlimat kitabçası vahid prinsiplər müəyyənləşdirir ki, bununla da dövlətlərə bu sahədə atılmalı addımlar üçün rəhbər prinsipləri göstərmiş olur.
- Həmişə daha sərt qanun tətbiq olunmalıdır;
- Gənc işçiləri qorumalı, onlara qarşı ayrı-seçkilik edilməməlidir;
- Uşaqların dinlənilmək hüququ qorunmalıdır;
- Bütün müdaxilələr ailə və uşaqlar üçün müsbət xarakter daşımalıdır.
Həmçinin, BƏT-in qəbul etdiyi “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyadan da açıq-aşkar görünür ki, bu sahədə dövlətlərin görməli olduğu müəyyən öhdəliklər var.
“…
M a d d ə 1
Bu Konvensiyanı ratifikasiya edən hər bir üzv dövlət uşaq əməyinin on pis formalarının təcili qaydada qadağan edilməsini və aradan qaldırılmasını təmin edən təsirli tədbirlər görür.[25]
…”
Nəzərə alsaq ki, Azərbaycan Respublikası bu Konvensiyanı ratifikasiya edən ölkələr sırasındadır, deməli Azərbaycanın da bu sahədə icra etməli olduğu beynəlxalq öhdəliklər var. Uşaq əməyinin aradan qaldırılması və həmçinin gənc işçilərə münasibətdə ayr-seçkiliyin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının icra və qanunvericilik mexanizmlərinə nəzər salaq.
İlk olaraq onu qeyd edim ki, hal-hazırda uşaq əməyi ilə əmək qanunvericiliyinin pozulması sadəcə inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 8 və 9-cu bəndlərində mövzu ilə bağlı sanksiyaları görə bilərik. [26] Qeyd edim ki, uşaq əməyinin istismar olunması və bu sahədə olan pozuntular heç biri cinayət məsuliyyəti yaratmır. Cinayət qanunuvericiliyində uşaq əməyinin istismarı ilə bağlı heç bir tənzimləmə yoxdur. Nəzərə alsaq ki, cəzanın müxtəlif məqsədləri var və ən əsas məqsədlərindən biri də insanları cinayət törətməkdən çəkindirməkdən ibarətdir. Lakin uşaq əməyinin istismarı ilə bağlı tətbiq olunan cərimələr cəzanın məqsədlərinə nail olmur, buna görə də cinayət qanunverciliyində bu istiqamətdə dəyişikliklərin edilməsi cəmiyyətimiz üçün daha yararlı və məqsədəuyğun olar.
Hal-hazırda müsbət haldır ki, Azərbaycan Respublikası uşaq əməyi ilə əlaqədar bütün Konvensiyaları ratifikasiya etmişdir. Bunların tətbiqi istiqamətində müəyyən addımlar atmağa çalışır.

(ABŞ, Beynəxalq Əmək Məsələləri Bürosu, 2022 hesabatı, cədvəl 3) [27]
Əlavə olaraq, uşaq əməyinin vaxtında qarşısının alınması və uşaq əməyinin istismarını vaxtında önləmək üçün bu sahədə yarana biləcək münasibətləri tənzimləyən qanunlara və ya normalara xüsusi ehtiyac duyulur. Mütləqdir ki, Azərbaycan Respublikası da bundan yaranan məsələləri tənzimləsin.

(ABŞ, Beynəlxalq Əmək Məsələləri Bürosu, 2022 hesabatı, cədvəl №4)
Qanunvericiliyə nəzər salsaq, açıq-aşkar görünür ki, Azərbaycan Respublikası Qanunvericiliyi beynəlxalq standartları öz qanunlarında qarşılamağa nail olmuşdur.
2022-ci ilin dekabrına qədər uşaqların kommersiya xarakterli cinsi istismarı ilə bağlı cinayət məcəlləsində təsbit edilən normalar kifayət etməsə də, artıq onunla bağlı qanunvericiliyə 2022-ci ilin dekabr ayında Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilmişdir. Bununla da, bu sahədə təsbit edilmiş beynəlxalq standartlar qarşılanmışdır. [28][29]
Amma, təbii ki, təkcə qanunlarla yetinmək də ağlabatan deyil, həmçinin bu qanundan irəli gələn məsələləri tənzimləmək və icra mexanizmləri yaratmaq da dövlətin öhdəliklərindən biridir. Azərbaycan Respublikasında uşaq əməyi ilə əlaqədar məsul qurumlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Daxili İşlər Nazirliyidir (DİN).
Uşaq əməyinin ən pis formaları ilə bağlı nəzarəti ƏƏSMN tabeliyində Dövlət Əmək Müfəttişliyi Xidməti göstərir. Bu orqan inzibati orqan hesab olunur və aşkarlanmış pozuntulara münasibətdə sanksiyalar tətbiq etmək səlahiyyətinə malikdir. Həmçinin, Əmək və Məşğulluq Altsistemi yaradılmışdır ki, bu altsistem vasitəsi ilə əmək müqavilələrinin qeydiyyatı aparılır. DƏMX bu altsistemə nəzarəti həyata keçirməklə minimum yaş həddi tələbini pozan subyektləri vaxtında aşkarlaya və bu pozuntunu önləyə bilir.
Bununla bağlı belə bir sual yaranır: Nəzərə alsaq ki, hal-hazırda heç də bütün işəgötürənlər əmək müqaviləsi bağlamır, DƏMX-in bu nəzarətini effektiv hesab etmək olarmı? Xeyr, effektiv vasitə hesab olunmamalıdır. Hal-hazırda Bakıda və Azərbaycanın digər regionlarında əmək müqaviləsi bağlamadan işləyən minlərlə işçi var. Həmin kəsimə DƏMX-in birbaşa nəzarətindən kənarda qalır. Bunun isə müxtəlif səbəbləri var. Belə ki, həmin şəxslərin əksəriyyəti hüquqları barədə məlumatsızdır və bu istismara şərait yaradır. Digər səbəb isə DƏMX bu münasibətlərə birbaşa və effektiv nəzarəti həyata keçirə bilmir.
İndi isə düşünün ki, həmin kəsim insanların sadəcə 5 faizi uşaqlardır. Bu, həqiqətən də böyük problemlərin olduğunun bir göstəricisidir. Bu pozuntuların vaxtında qarşısını almaq üçün çoxyönlü işlər aparılmalıdır. Bura nəzarətin effektivliyinin artırılması, maarifləndirmə və təşviqat tədbirlərinin gücləndirilməsi, ailələrlə işin gücləndirilməsi kimi müxtəlif tədbirləri aid etmək olar.
Nəzarəti daha effektiv etmək üçün DƏMX yerində dövri olaraq yoxlamalar həyata keçirməli və beləcə, pozuntuları vaxtında önləməlidir. Azərbaycan Respublikasında Sahibkarlıq sahəsində aparılan yoxlamarın hüquqi əsası 2 iyul 2013-cü ildə qəbul edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunudur. [30] Bu qanun vasitəsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərə dövlət nəzarəti edilir və yerində yoxlamalar tətbiq olunurdu. Lakin 20 oktaybr 2015-ci ildə qəbul edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanununa əsasən sahibkarlıq sahəsində aparılan bütün yoxlamalar 2024-cü ilin yanvarın 1-ə dək dayandırılmışdır. [31]
Həmin Qanunun 2-ci maddəsində isə yoxlama aparılması icazə verilən halların dairəsi müəyyənləşdirilmişdir və siyahı aşağıdakı kimidir:
“…
- Vergi yoxlamaları,
- Maliyyə bazarları sahəsində aparılan yoxlamalar,
- Gömrük auditi,
- Müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar,
- Yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar,
- Enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara,
- “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar,
- İnsanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.
…”
Sahibkarlıq sahəsində uşaq əməyi ilə bağlı aparılmalı olan yoxlamaların önəmini hər birimiz dərk etməliyik. İlk baxışdan qanuna baxdıqda uşaq əməyi ilə bağlı sahibkarlıq sahəsində aparılmalı olan yoxlamaların 8-ci bəndin əhatə dairəsinə düşdüyünü güman edə bilərik. Bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına nəzər salaq.[32] Fərmanın 1.2.-ci bəndində qeyd olunur ki, Qanunun 2-ci maddəsində qeyd olunmuş “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur. Yəni yuxarıda 8-ci bənddə qeyd olunmuş müvafiq icra hakimiyyəti orqanı dedikdə, Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur. Deməli, həmin siyahını da məhz Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirir. Siyahı aşağıdakı kimi müəyyən olunmuşdur:
“…
1.1. dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsinin və sanitar-gigiyenik qaydalara riayət edilməsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yoxlanılması;
1.2. fitosanitar tələblərə, qaydalara uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması;
1.3. təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulma hallarının yoxlanılması;
1.4. sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin fəaliyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən yoxlanılması;
1.5. kredit təşkilatlarının, habelə onların törəmə təsərrüfat cəmiyyətlərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yoxlanılması;
1.6. radioaktiv, partlayıcı və digər xüsusi təhlükəli maddələrin və ya avadanlıqların saxlanılması və dövriyyəsi, dağ-mədən işlərinin, hidrotexniki qurğularda, neft və qazçıxarma sənaye obyektlərində və xüsusi təhlükəli digər sahələrdə işlərin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasının, aparılan işlərin və istismarda olan obyektlərin tikinti, texniki və yanğın təhlükəsizliyi normalarına uyğunluğunun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılması.
…”[33]
Yuxarıda göstərilən halların siyahısında uşaq əməyinin istismarı və oxşar mövzularda hər hansı bəndə rast gəlinmir. Düzdür, bu siyahının 2-ci maddəsində qeyd olunur ki, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti dövlət orqanının əsaslandırılmış müraciəti əsasında müvafiq icra hakimiyyət orqanı ilə razılaşdırılmaqla bu siyahıda nəzərdə tutulmamış yoxlamalar aparıla bilər. Amma bu effektiv mexanizm yaratmır. Nəzərə alsaq ki, BƏT-in yanaşmasına görə, uşaq əməyi fundamental insan hüquq pozuntusu hesab olunur, bu mövzu birbaşa olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində birbaşa olaraq göstərilməli idi. Bu həm sözügedən mövzu ilə aparılan yoxlamaların prosessual olaraq effektiv olmasına birbaşa təsir göstərəcək, həm də müəyyən edilmiş uzun prosedurlara ehtiyac saxlamayacaq.
Təbii ki, bütün mövzu ilə bağlı maarifləndirmənin gücləndirilməsi və kütləvi informasiya vasitələrində bu tipli təbliğatın aparılması da ölkəmizdə bu kimi halların azalmasına birbaşa təsir göstərəcək önəmli faktordur.
Bütün bu tədbirlər ölkəmizdə cəmiyyətin həssas qruplarından olan uşaqların qorunmasına və inkişafının dəstəklənməsini hədəfləyir. Bu yolda inkişaf edək ki, gələcəyimizin dilənçilərini, cibgirlərini, narkomanlarını deyil, həkim və hüquqşünaslarını yetişdirək!
MƏNBƏLƏR
- “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyaya (onun müddəalarını tamamlayan 190 nömrəli Tövsiyə daxil olmaqla) qoşulmaq barəsində (migration.gov.az)
- 714-IVQ – Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında (e-qanun.az)
- Uşaq əməyi və cəza – “VƏKİL BÜROSU” | Gənc Ailə (gencaile.az)
- Yekun hesabat (muhaz.org)
- UŞAQ ƏMƏYİNİN İSTİSMARI (yerli və beynəlxalq təcrübədə) – Səyyarə Alışova – “Insan Hüquqları XXI əsr – Azərbaycan” Fondu (azhumanrights.az)
- 499.pdf (sehiyye.gov.az)
- Child labour | UNICEF
- What is child labour (IPEC) (ilo.org)
- Child Labour Inquiry Project (mbmasher.github.io)
- Child labour – World Vision Australia
- wcms_456960.pdf (ilo.org)
- what-can-be-done-to-end-child-labour-worksheet.pdf (worldvision.com.au)
- Essay on Child Labour for Students and Children | 500 Words Essay (toppr.com)
- Child labour is keeping millions of children out of school (europa.eu)
- child-labor-in-pakistan-causes-consequences-and-prevention.pdf (pssr.org.pk)
- Child Labor Statistics – UNICEF DATA
- Child Labour Global Estimates | Trello
- Convention C182 – Worst Forms of Child Labour Convention, 1999 (No. 182) (ilo.org)
- Convention C138 – Minimum Age Convention, 1973 (No. 138) (ilo.org)
- – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (e-qanun.az)
- Minimum Age Convention, 1973 (en-academic.com)
- Recommendation R190 – Worst Forms of Child Labour Recommendation, 1999 (No. 190) (ilo.org)
- What is child labour (IPEC) (ilo.org)
- Statistics on child labour – ILOSTAT
- ilo.org/ipecinfo/product/viewProduct.do?productId=5544
- Uşaq Hüquqları Konvensiyası – Manual for Human Rights Education with Young people (coe.int)
- 2022 Findings on the Worst Forms of Child Labor: Azerbaijan (dol.gov)
- Why does child labour happen? Here are some of the root causes | ECLT Foundation
- wcms_797515.pdf (ilo.org)
- Uşaq Hüquqları Konvensiyası – Manual for Human Rights Education with Young people (coe.int)
- Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqlarına dair” Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının (scfwca.gov.az)
- 2022 Findings on the Worst Forms of Child Labor: Azerbaijan (dol.gov)
- wcms_792211.pdf (ilo.org)
- Microsoft Word – 2021-PL5-Azerbaijan CEP-EN-2020.11.17 (unicef.org)
- Country programme document – Azerbaijan (FRS 2021) | UNICEF Executive Board
- 2073 – “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında (e-qanun.az)
- Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası.pdf (scfwca.gov.az)
- “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə (taxes.gov.az)
- 279-VIQD – “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (e-qanun.az)
- 714-IVQ – Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında (e-qanun.az)
- 1503-VQD – “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (e-qanun.az)
- 1430-VQD – “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (e-qanun.az)
- 1410-IVQ – Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında (e-qanun.az)
[1] 499-IQ – Uşaq hüquqları haqqında (e-qanun.az)
[2] #maariflənək – “kimlər uşaq hesab edilir?” (genprosecutor.gov.az)
[3] – Azərbaycan Respublikasının Ailə Məcəlləsi (e-qanun.az) 49.1
[4] Uşaq Hüquqları Konvensiyası – Manual for Human Rights Education with Young people (coe.int)
[5] Uşaq Hüquqları Konvensiyası – Manual for Human Rights Education with Young people (coe.int)
[6] İstismarın müxtəlif formaları – Psixologiya – 2023 (vvvvvv.kiev.ua)
[7] İstismar Dosyası: 1 – İstismar nedir, türleri nelerdir? – Okul Öncesi (okuloncesi.info)
[8] What is child labour (IPEC) (ilo.org)
[9] – Azərbaycan Respublikasının Əmək Məcəlləsi (e-qanun.az) 42, 46
[10] Minimum Age Convention, 1973 (en-academic.com)
[11] Convention C138 – Minimum Age Convention, 1973 (No. 138) (ilo.org)
[12] Convention C182 – Worst Forms of Child Labour Convention, 1999 (No. 182) (ilo.org)
[13] Child Labour Report by International Labour Organization – GeeksforGeeks
[14] Why does child labour happen? Here are some of the root causes | ECLT Foundation
[15] Child Labor Statistics – UNICEF DATA
[16] https://sg.docworkspace.com/d/sII_Jr_2CAdvFmasG
[17] 2022 Findings on the Worst Forms of Child Labor: Azerbaijan (dol.gov)
[18] wcms_797515.pdf (ilo.org)
[19] Child Labour: Global estimates 2020: The agricultural sector accounts for the largest share of child labour worldwide (ilo.org)
[20] wcms_797515.pdf (ilo.org) p.21 f.1
[21] wcms_797515.pdf (ilo.org) p. 25 f.6
[22] wcms_797515.pdf (ilo.org)
[23] wcms_792211.pdf (ilo.org)
[24] wcms_792211.pdf (ilo.org) p3
[25] Microsoft Word – Usaq ?m?yinin ?n pis formalar?n?n qadagan edilm?sin? v? onlar?n aradan qald?r?lmas? ucun t?cili t?dbirl?r?.doc (scfwca.gov.az)
[26] – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (e-qanun.az)
[27] 2022 Findings on the Worst Forms of Child Labor: Azerbaijan (dol.gov)
[28] 1296-IVQD – Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında (e-qanun.az)
[29] – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (e-qanun.az)
[30] 714-IVQ – Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında (e-qanun.az)
[31] 1410-IVQ – Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında (e-qanun.az)
[32] “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə (taxes.gov.az)
[33] “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə (taxes.gov.az)