Rəqəmsal hüquqlar və hücumların formaları

  1. Xülasə 2
  2. Giriş 2
  3. Rəqəmsal hüquqlar və hücumların formaları 3
  4. Trendlərdə 2023 5
    a) Rəqəmsal hüquqları hədəf alan kiberhücumlar; 5
    Media portallarının onlayn hesablarının sındırılması 5
    Fəalların şəxsi məlumatlarının ələ keçirilərək yayılması 5
    b) Onlayn ifadə azadlığını hədəf alan fiziki hücumlar 6
    İnternetdə ifadə azadlığına təzyiq 6
    Cihazlara və hesablara müsadirəsi və zorakı müdaxilə halları 7
    c) İnternetdə digər məhdudiyyətlər 7
  5. Hüquqi və praktiki çatışmazlıqlar 8
    a) Qanunvericilikdə çatışmazlıqlar 8
    Nəzarət standartları 8
    Şikayət mexanizmləri 9
    Şəxsi məlumatlara müdaxilə riskləri 10
    Kibercinayətlər və rəqəmsal təhlükəsizliklə bağlı xüsusi çətir qanunun olmaması 10
    İnternetdə ifadə azadlığını məhdudlaşdıran qanunlar 11
    b) Praktik çatışmazlıqlar 12
    Effektiv araşdırmaların olmaması 12
    Hüquqi yollardan istifadə edilməməsi 12
    Rəqəmsal təhlükəsizlik və strateji məhkəmə işləri ilə bağlı davamlı təşəbbüslərin
    çatışmazlığı 12
  6. Nəticələr və Tövsiyələr 13
  7. Xülasə
    Azərbaycanda rəqəmsal hüquqlara dair bu hesabatı “İştirak Evi” qeyri-hökumət təşkilatı
    hazırlayıb. 2022-ci ildə yaradılmış İE monitorinq, potensialın gücləndirilməsi və strateji
    məhkəmə işləri ilə Azərbaycanda insan hüquqlarının müdafiəsini inkişaf etdirməyə çalışır.
    Bu hesabatın məqsədi həm onlayn, həm də oflayn insan hüquqlarının hərtərəfli icmalını
    təqdim etmək və bu hüquqların rəqəmsal aləmdə qorunmasının zəruriliyini vurğulamaqdır.
    Təhlil 2023-cü ildə monitorinq edilən kiberhücumları və fiziki hücumları, hüquqi və praktiki
    çatışmazlıqları əhatə edir və təkmilləşdirilməsi üçün tövsiyələr təklif edir.
    Hesabatda rəqəmsal azadlıqların insan hüquqlarının ayrılmaz hissəsi olduğu və Birləşmiş
    Millətlər Təşkilatı tərəfindən tanınan müxtəlif beynəlxalq insan hüquqları ilə əlaqəli olduğu
    vurğulanır və insanların onlayn hüquqlarına hörmət edilməsinin və tam şəkildə qorunmasının
    təmin edilməsinin vacibliyi vurğulanır.
    Nəticələr Azərbaycanda kiberhücumların, xüsusən də fəalları, jurnalistləri və hüquq
    müdafiəçilərini hədəf aldığını göstərir. Bu hücumlara əsasən hakerlik, fişinq, DDoS
    hücumları və bəzi hallarda şəxsi məlumatların yayılması halları daxildir. Hesabatda,
    həmçinin şəxslərin azadlıq və təhlükəsizliyini məhdudlaşdıran müsadirə və elektron cihazlara
    zorla müdaxilə kimi fiziki hücum halları da öz əksini tapıb.
    Hüquqi və praktiki çatışmazlıqlar, o cümlədən qeyri-dəqiq nəzarət standartları, şəxsi

məlumatların gizliliyin təmin edilməsində qarantiyaların olmaması və onlayn ifadə azadlığını
məhdudlaşdıran qanunlar müəyyən edilir. Kibercinayətlər üzrə effektiv istintaq
araşdırmalarının olmaması fərdlərin hüquqlarının müdafiəsi və hesabatlılığın təmin edilməsi
ilə bağlı əhəmiyyətli narahatlıqlar yaradır.
Tövsiyələrə qanunvericiliyə yenidən baxmaq və dəyişikliklər etməklə hüquqi təminatların
gücləndirilməsi, vahid qanunun hazırlanması yolu ilə kibertəhlükəsizlik tədbirlərinin
artırılması, rəqəmsal savadlılığın təşviqi, vətəndaş cəmiyyəti təşəbbüslərinin dəstəklənməsi,
üzə çıxmış kibercinayətlər üzrə hərtərəfli istintaq araşdırmalarının aparılması və rəqəmsal
hüquqların müdafiəsini gücləndirmək üçün beynəlxalq əməkdaşlığın vacibliyii daxildir.
Sonda hesabat Azərbaycanda rəqəmsal azadlıqların fəal şəkildə qorunduğu, insan hüquqları
prinsiplərinə hörmət edildiyi və hesabatlılığın təmin edildiyi mühitin yaradılması üçün
hökumət, vətəndaş cəmiyyəti və beynəlxalq tərəfdaşları birgə səylərə çağırır.

  1. Giriş
    İştirak Evi (Ev – qısaca) 2023-cü ildə Azərbaycanda rəqəmsal hüquqlar üzrə ilk hesabatını
    təqdim edir. Bu hesabat mediadan və digər açıq mənbələrdən götürülmüş məlumatların
    yoxlanılması və təhlili əsasında hazırlanıb.
    2022-ci ildə yaradılmış Ev, Azərbaycanda insan hüquqlarının müdafiəsini inkişaf etdirməyə
    çalışır. Rəqəmsal hüquq pozuntularının və onlayn ifadə azadlığına hücumların monitorinqi ilə
    yanaşı, Ev, həmçinin stateji məhkəmə işləri xidmətləri göstərir və risk altında olan vətəndaş
    cəmiyyəti subyektlərinin bacarıqlarını artırır.
    Cari hesabat 2023-cü ildə rəqəmsal hüquqlar və onlayn ifadə azadlığının pozulmasının
    monitorinqinin nəticələrini, əsas tendensiyaların və hüquqi və praktiki çatışmazlıqların
    təhlilini və tövsiyələri əhatə edir. Hesabat göstərir ki, rəqəmsal hüquqlar daimi təhlükə
    altındadır, onlayn şəraitdə ifadə azadlığı üçün isə imkanlar getdikcə azalır. Müvafiq

qanunlarda konkretlik və hərtərəflilik çatışmır, hüquq-mühafizə orqanlarına isə qeyri-
mütənasib səlahiyyətlər təqdim olunub.

  1. Rəqəmsal hüquqlar və hücumların formaları
    Bütün insan hüquqlarının fərdlərə doğuşdan verilməsinin əsas ideyası getdikcə populyarlaşan
    internetdə hüquq və azadlıqların qorunmasına da aiddir. Buna görə də hökumətlər insanların
    onlayn hüquqlarına hörmət edilməsini, qorunmasını və tam şəkildə həyata keçirilməsinə
    şərait yaradılmasını təmin etməlidir. Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının
    2012-ci ildə qəbul etdiyi qətnamədə dı bildirilir ki, bütün insan hüquqları avtomatik olaraq
    onlayn rejimdə eyni şəkildə qorunmalıdır.
    İnsanın rəqəmsal hüquqları onların həyatının demək olar ki, hər tərəfini əhatə edir və nəticədə
    çox vaxt BMT tərəfindən tanınan bütün beynəlxalq insan hüquqları ilə əlaqəli hesab olunur.
    Bununla belə, rəqəmsal azadlıqlar çox vaxt ifadə, məlumat əldə etmək, sərbəst toplaşmaq və
    birləşmək, həmçinin onlayn şəxsi məlumatların gizliliyi və toxunulmazlığı kimi hüquqlarla
    assosiasiya olunur. Bu hüquqlar onlayn məkana əlçatanlığa, sərbəst informasiya
    mübadiləsinə, o cümlədən, şəxsi məlumatların qorunmasına imkan verir, bu hüquqlardan
    istifadə edən fərdlərin təhdid və hücumlara məruz qalmamasını şərtləndirir.
    Kiberhücumlar anlayışı müxtəlif kompüter texnologiyaları vasitəsilə informasiya sistemləri,
    cihazlar və məlumatlara münasibətdə icazəsiz müdaxiləni, oğurlanma, dəyişdirilmə və ya
    paylaşılmanıı əhatə edir. İcazəsiz giriş və məlumatların ələ keçirilməsi, ümumi olaraq
    hacking kimi tanınan, SMS ələ keçirmə və ya kobud güc vasitəsilə parolların sındırılması
    kimi müxtəlif üsulları əhatə edir. Məlumat sahibinin e-poçt, zənglər, mesajlar və ya digər
    vasitələrlə tələyə salınması, aldadılaraq şəxsi məlumatlarının ələ keçirilməsi isə Fişinq
    hücumlarına xarakterikdir.
    Bu cür hücumlar şəxsi məlumatların, onlayn hesabların oğurlanması və hətta zərərli proqram
    vasitəsilə cihaz üzərində nəzarətlə nəticələnə bilər. “Distributed Denial of Service (DDoS)”
    hücumları onlayn informasiya resurslarına saxta istifadəçi axını formalaşdıraraq həmin
    resursun xidmət imkanlarını məhdudlaşdırır və sadə istifadəçilərin məlumatlara çıxışını
    mümkünsüz edir.

Kiberhücumlara həmçinin kiber zorakılıq və onlayn şəxsiyyət oğurluğu daxildir, burada
fərdlər onlayn olaraq başqalarını təqlid edir, yalan məlumatlar yayır, icazəsiz şəkillər paylaşır,
təhdid mesajları göndərir və zərərli ünsiyyətdə olur. Texnologiyanın inkişafı ilə bu
hücumların daha da təkmilləşəcəyi gözlənilir. İnsan hüquqlarını bu hücumlardan qorumaq
üçün müxtəlif ölkələr və təşkilatlar 20-ci əsrin sonlarından etibarən kibertəhlükəsizlik
qanunları və siyasətləri vasitəsilə addımlar atırlar
Rəqəmsal hüquqlar adətən onlayn rejimdə həyata keçirilsə də, onların pozulması fiziki
realllıqlara da yansıyır.
Belə ki, insanlar onlayn məkanda rəqəmsal hüquqlarından istifadə etdikləri üçün bəzən real
həyatda, xüsusən də avtoritar rejimlərdə, təhdidlərlə üzləşir, onların cihazları müsadirə
olunur, müdaxiləyə məruz qalır, özləri isə ədalətsiz cəzalarla üzləşirlər. Demokratiyanı
müdafiə edən fəalların əsas hədəf olduğu belə hücumlar zamanı, kompüterlərin və
telefonların oğurlanması və müsadirə edilməsi repressiv hakimiyyət orqanları üçün həssas
məlumatlara daxil olmaq və fərdi təhlükəsizliyi pozmaq üçün alət kimi xidmət edir. Fərdin
təhlükəsizliyini hədəf alan hücumlardan əlavə, bəzən bu hücumlar həm də cihazlara yönəlir
və məxfi şifrələrin zor gücü ilə ələ keçirilməsi ilə müşayiət olnur ki, bu da zərərçəkən
şəxslərin rəqəmsal cihazlara inamını daha da sarsıdır və onların təhlükəsiz şəkildə məlumatın
idarə və mübadilə imkanlarını məhdudlaşdırır. Beləliklə yaradılan nəzarət və hədə-qorxu
mühiti hətta cihazlar geri qaytarıldıqdan sonra da davam edir, çünki cihaz sahiblərinin cihaza
müdaxilə vasitəsilə izlənmə ilə bağlı davamlı qorxuları rəqəmsal alətlərin təhlükəsizliyinə
inamı azaldır. Beləliklə avtoritar kontekstlərdə cihazların müsadirəsi və şifrələrin zorla ələ
keçirilməsi kimi təcrübələr insan hüquqları fəaliyyəti ilə məşğul olan şəxslərin rəqəmsal
hüquqlarının geniş və sistemli şəkildə pozulmasına gətirib çıxarır.
Son illər Azərbaycanda kiberhücumlarda nəzərəçarpacaq artım müşahidə olunur. 2018-ci
ildən başlayaraq, son beş ildə, mediada insan haqları müdafiəçilərinə, fəallara, siyasətçilərə,
jurnalistlərə, internet mediasına və digər tənqidçilərə qarşı ən azı 46 kiberhücum faktı qeydə
alınıb. Bu hücumlara adətən DDoS və fişinq hücumları, virus infeksiyaları, şəxsi
yazışmaların və məlumatların ələ keçirilməsi, oğurlanması, şantaj xarakterli istifadəsi və
icazəsiz paylaşılması halları daxildir. Ən azı səkkiz halda bu hücumlarda Azərbaycan
hökumətinin, o cümlədən Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əli
olduğu iddia edilib.
Bundan əlavə, fəallar, hüquq müdafiəçiləri və jurnalistlər müsadirə və polis nəzarətində olan
şəxslərin cihazlarına kobud müdaxilə ilə yanaşı, fikirlərini onlayn ifadə etdikləri üçün
müntəzəm cəza hədəfinə çevriliblər. Media və insan haqları təşkilatları 2018-23-cü illər
arasında onlarla belə halın baş verdiyini bildiriblər.
Aşağıdakı bölmələr rəqəmsal azadlıqları hədəfləyən kiberhücumlar və fiziki hücumlarla bağlı
2023-cü ildə müşahidə olunan əsas tendensiyaları əhatə edir, növbəti bölmələr isə rəqəmsal
hüquqların qorunmasına və təşviqinə mənfi təsir göstərən hüquqi və praktiki çətinliklər
haqqında ətraflı məlumat verir.
Hesabat boyunca rəqəmsal hüquqlar əsas diqqət mərkəzindədir. Daha geniş anlayış olan
internet azadlıqlarına ətraflı toxunulmasa da yalnız bəzi əlaqədar məsələlər müzakirə
olunaraq təhlil edilir.

  1. Trendlərdə 2023
    a) Rəqəmsal hüquqları hədəf alan kiberhücumlar;
    Media portallarının onlayn hesablarının sındırılması
    2023-cü ilin martın 30-da Samirə Qasımlı, direktoru olduğu media orqanının, “Red Line
    Channel”-ın Facebook hesabının sındırılması barədə məlumat yayıb. RLC qonaqların
    hökumət siyasətinə tənqidi yanaşdığı siyasi tolk-şouları yayımlayan müstəqil media
    təşəbbüsüdür. Haker ötən ildəki bütün məzmunu silib, səhifənin formatını və profil şəklini
    dəyişib. Bu, effektiv şəkildə media təşəbbüsünün öz izləyiciləri ilə əlaqəni itirməsi ilə
    nəticələnib və potensial siyasi hücum kimi qəbul olunub. Haker, bəzilərinin saxta olduğu
    ehtimal edilən 40-dan çox dostu olan “Jn Alaza” Facebook profili kimi müəyyən edilib. RLC
    komandası silinmiş məzmunu bərpa etmək üçün Facebook ilə əlaqə saxlasa da, hər hansı bir
    hüquqi addım atılmayıb.

Başqa bir onlayn media orqanı olan “Mikroskop Media” (mikroskopmedia.com) həmtəsisçi
Cavid Abdullayevin verdiyi məlumata görə, saytın məhv edilməsi ilə nəticələnən
kiberhücuma məruz qalıb. Sentyabrın 16-da Abdullayev onun login göstəricilərinin yanlış
hesab edildiyini aşkar edib və araşdırma zamanı saytın sındırıldığı məlum olub. Hakerlər
saytın bərpası üçün təxminən 25 min avro dəyərində kriptovalyuta tələb ediblər. IT
mütəxəssisləri müəyyən ediblər ki, admin paneli tamamilə silinib, bəzi ehtiyat nüsxələri
silinib və məzmun məlumat üçün kilidlənib. Kiberhücumun Azərbaycan hökumətinə aid
edilməsinə baxmayaraq, Cavid Abdullayev vəziyyətin mürəkkəbliyini və konkret günahkarın
olması ilə bağlı sübutun olmadığını bildirib. Onun fikrincə bu hücum Qarabağ hadisələri ilə
bağlı saytda dərc olunan məqalələrə baş tutmuş ola bilər. Sayt bir müddət texniki işlərə görə
bağlı qaldığı üçün media orqanının peşəkar fəaliyyətinə mane olub.
Fəalların şəxsi məlumatlarının ələ keçirilərək yayılması
Hazırda həbsdə olan fəal Bəxtiyar Hacıyev saxlanıldıqdan sonra telefonundan oğurlandığı
bildirilən şəxsi məlumatlarının, o cümlədən intim fotoşəkillərin və mesajların qanunsuz
yayılmasının qurbanı olub. Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə
hörmətsizlikdə ittiham edilərək həbs edilib. Bununla belə həm yerli, həm də beynəlxalq
hüquq müdafiə təşkilatları onun aktivist profilinə görə bu addımı siyasi motivli hesab edir.
2023-cü ilin əvvəlində müxtəlif Facebook hesabları və Telegram kanallarında Hacıyevin
müxtəlif qadınlarla şəxsi və intim yazışmalarını əks etdirən video və fotoların digər
söhbətlərlə yanaşı paylaşılmasına başlanılıb. Rəsmi orqanlarln günahkarları müəyyənləşdirib
hadisəyə hüquqi qiymət verə bilmədiyi bir mühitdə Hacıyevin həmkarları və qohumları iddia
edirlər ki, bu əməl onu gözdən salmaq üçün təşkil edilib.

Daha sonra B.Hacıyev və vəkilləri şantaj kampaniyasına münasibət bildirərək hüquq-
mühafizə orqanlarını şəxsi məlumatların yayılması ilə nəticələnən kiberhücumda ittiham

ediblər. Hacıyev, həmçinin, yayılan məzmunun əksəriyyətinin saxta olduğunu, bəzilərinin isə
on il əvvələ aid olduğunu bildirib və onun şəxsi məlumatlarının ələ keçirilməsində potensial
vasitə kimi Pegasus casus proqramlarından istifadə versiyasını irəli sürüb. Hökumətə qarşı
ittihamlara baxmayaraq, Daxili İşlər Nazirliyi Hacıyevin saxlandığı zaman onun cihazlarına
müdaxilə edilməsini inkar edir. Nazirlik eyni zamanda bəzi qadınların şikayətləri ilə bağlı
araşdırmaya başladığını bildirsə də, qanuni tədbirlərlə bağlı bu günə qədər ictimaiyyətə
təqdim etməyib.
Qeyd edək ki, bu, fəalların, jurnalistlərin və hüquq müdafiəçilərinin şəxsi yazışmalarının
internetdə yayılması ilk belə hal deyil ki, və çoxları tərəfindən ictimai-siyasi fəaliyyətə görə
cəza kimi dəyərləndirilir. 2020-2022-ci illərdə yuxarıda qeyd olunan qrupların şəxsi
məlumatların onlayn sızması ilə nəticələnən kiberhücumların qurbanına çevrildiyi bir neçə
hal qeydə alınıb.
b) Onlayn ifadə azadlığını hədəf alan fiziki hücumlar
İnternetdə ifadə azadlığına təzyiq
2023-cü ildə ən azı 15 halda, aktivistlər, hüquq müdafiəçiləri, bloggerlər və jurnalistlər polis
bölmələrinə çağırılıb, saxlanılıb və ya sosial media hesablarında paylaşımlarına görə inzibati
və cinayət məsuliyyətinə cəlb ediliblər.
Sentyabrın 21-də tanınmış fəal, Alternativ Həmkarlar İttifaqları Konfederasiyasının sədri
Afiyəddin Məmmədov evinin qarşısında saxlanılıb. O, saxlanılarkən vurulub, daha sonra
xuliqanlıqda və başqalarına bədən xəsarəti yetirməkdə ittiham olunub. Bununla belə,
məhkəmə prosesi zamanı hakim ondan sosial şəbəkələrdə prezidenti niyə tənqid etməsi və
münaqişə zonasında baş verən son döyüşlərlə bağlı paylaşımlarına dair suallar verib. Eyni
dövrdə bir neçə digər fəal da internetdə müharibə əleyhinə yazılarına görə təqiblərlə üzləşib.
Başqa bir fəal Əmrah Təhməzov mayın 16-da Facebook hesabında prezidentin ünvanına
tənqidi fikirlər yazıb, siyasi məhbus Əlizamin Salayevin azadlığa buraxılmasına çağırıb. Polis
əməkdaşları postdan 3 gün sonra onun qapısına gəliblər və o, sonda, mayın 27-də saxlanılıb.
Təhməzov xuliqanlıqda və polisə tabe olmamaqda günahlandırılsa da, həm fəal, həm də
dostları ittihamları saxta hesab ediblər və cəzanın Təhməzovun internetdə prezidenti tənqid
edən və sülhə səsləyən yazıları ilə bağlı olduğunu bildiriblər.

Ümumilikdə, 2023-cü il ərzində insanların onlayn tənqidi yazılarına görə həbs edilməsi ən azı
15 işdə müşahidə olunub.
Cihazlara və hesablara müsadirəsi və zorakı müdaxilə halları
Bundan başqa, ən azı 3 halda, polis bölmələrində saxlanılan şəxslərin cihazları müsadirə
olunub və ya sosial media hesablarına zorla müdaxilə edilib. Nida Vətəndaş Hərəkatının
İdarə Heyətinin üzvü Elmir Abbasov polisə tabe olmamaqda ittiham olunaraq həbs edilərək
20 sutka müddətinə azadlıqdan məhrum edilib. Abbasov iyulun 11-də azadlığa buraxılıb və
mətbuata bildirib ki, polislər onun telefonunu zorla alıb və yazıları silmək üçün sosial media
hesablarına daxil olublar. Gədəbəy rayonundakı Söyüdlü etirazlarını işıqlandıran daha bir
jurnalist, Elməddin Şamilzadə də daha sonra oğurlanaraq polis bölməsinə aparılıb. Burada isə
Facebook hesabının şifrəsini vermək və paylaşımları silmək tələbi ilə təzyiq və şiddətli
döyülmləyə məruz qaldığını bildirib.
c) İnternetdə digər məhdudiyyətlər

Azərbaycanda internet azadlıqları ilə bağlı vəziyyət hökumətin tətbiq etdiyi davamlı və qeyri-
mütənasib məhdudiyyətlər modelini ortaya qoyur. 2017-ci ildən etibarən bəzi müstəqil media

portallarının (Meydan TV, Azadlıq Radiosu, Azadlıq.info, Turan İnformasiya Agentliyi və s.)
vebsaytlarına konstitusiya quruluşunun zorla dəyişdirilməsi və kütləvi iğtişaşlar kimi
fəaliyyətlərin təşviqi ilə bağlı məlumatların yayılnması səbəbi ilə blok qoyulsa da, çoxları
bildirib ki, bu iddialarla bağlı etibarlı sübut yoxdur. Effektiv və müstəqil yoxlama və nəzarət
proseslərinin olmaması bu hərəkətlərin keyfiliyini daha da önə çıxarır. Hökumətin onlayn
platformalar üzərində nəzarəti genişləndirmək üçün sonrakı səyləri, o cümlədən digər
ölkələrin xəbər saytlarının və sosial media platformalarının bloklanması, məsələn, 2022 və
2023-cü ilin sentyabrında eskalasiyalar zamanı TikTok-a girişin bloklanması onlay məkanda
hökumət üçün arzuolunmaz hesab olunan məlumatların yayılmasına qarşı mübarizənin
genişləndiyini göstərir.
Bundan başqa, bu məhdudiyyətlərin qəsdən və geri qaytarıla bilən mahiyyəti beynəlxalq
təşkilatların səfərləri zamanı hökumətin addımlarında özünü göstərib. Meydan TV-nin xəbər
verdiyi kimi, 2023-cü ilin iyununda Avropa Şurasının həmməruzəçilərinin səfəri zamanı
internet saytlarının bloklanmasının müvəqqəti aradan qaldırılması onu deməyə əsas verir ki,
hökumət diplomatik və ya ictimaiyyətlə əlaqələr məqsədləri üçün internetə girişi
manipulyasiya etmək və nəzarət etmək imkanına malikdir. Eyni zamanda proksi xidmətlərin
bloklanması və müxtəlif internet provayderləri arasında senzuradakı fərqlər onlayn müxalif
fikirlərin qarşısını almaq və vətəndaşların müxtəlif məlumat mənbələrinə çıxış imkanlarını
məhdudlaşdırmaq üçün hərtərəfli səydən xəbər verir. İnternet azadlıqlarının belə sistematik
şəkildə məhdudlaşdırılması hökumətin qeyri-proporsional və nəzarətsiz addımları ilə bağlı
narahatlıq doğuran tendensiyanı əks etdirir və Azərbaycanda ifadə azadlığı və məlumat əldə
etmək prinsiplərini sarsıdır.

  1. Hüquqi və praktiki çatışmazlıqlar
    a) Qanunvericilikdə çatışmazlıqlar
    Nəzarət standartları

Nəzarət standartlarında qeyri-dəqiqlik və hüquq-mühafizə orqanlarına verilən qeyri-
mütənasib səlahiyyətlər şəxsi məlumatların qorunmasını əhəmiyyətli dərəcədə pozur.

Konstitusiyanın 32-ci maddəsi məlumatların qorunmasına təminat versə də, qanunvericilikdə
izləmə və dinləmə yolu ilə əldə edilmiş məlumatların saxlanması və məhv edilməsi üçün
aydın standartlar yoxdur. Bu qeyri-müəyyənlik hüquq-mühafizə orqanlarına şəxsi
məlumatlarla işləməkdə geniş sərbəstlik verir.
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunda və Cinayət Prosessual Məcəlləsində qeyd
olunduğu kimi, məlumatların izlənilməsi və dinlənilməsi məhkəmənin razılığını tələb edir.
Bu tələbə baxmayaraq, qanunun 10-cu maddəsindəki diqqətəlayiq istisna hüquq-mühafizə
orqanlarına şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin
qarşısının alınması üçün məhkəmə qərarı olmadan dinləmə aparmağa icazə verir. Təəssüf ki,
bu tədbirlər nəticəsində əldə edilmiş fərdi məlumatların saxlanması və məhv edilməsi ilə
bağlı milli qanunvericilikdə müəyyən edilmiş standartların olmaması bu məlumatların idarə
edilməsində hüquq-mühafizə orqanlarına geniş sərbəstlik verdiyi üçün ciddi narahatlıq

doğurur,
Şikayət mexanizmləri
Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 13-cü maddəsi vətəndaşlara, xüsusilə də
internet azadlıqlarının qorunması kontekstində, effektiv hüquqi müdafiə haqqını təmin edən
bir mayak rolunu oynayır. Buna baxmayaraq milli qanunvericiliyin təhlili zamanı izləmə və
dinləmə tədbirlərinə məruz qalmış şəxslərin effektiv hüquqi müdafiə hüququndan yararlanma
imkanları ilə bağlı boşluqlara rast gəlinir.
Kibercinayətkarlıqla mübarizədə insan mərkəzli yanaşma prinsipləri potensial monitorinq
haqqında istifadəçilərin məlumatlandırılmasının vacibliyini vurğulasa da milli
qanunvericilikdə bu barədə boşluq sezilir. Belə ki, Cinayət Prosessual Məcəlləsinə daha
yaxından nəzər saldıqda orada təqsirləndirilən və ya şübhəli bilinən şəxslərin hüquqlarını
təsviri olsa da, izləmə və dinləmə tədbirlərinə məruz qalan şəxslərin xəbərdar edilməsi üçün
müddəalara rast gəlinmir. Effektiv hüquqi təminatların olmaması vətəndaşların xəbərsiz və
müdafiəsiz qalması ilə bağlı narahatlıq doğuran ssenari yaradır. Bu gözə çarpan boşluq o
deməkdir ki, vətəndaşlar proses zamanı nəinki məlumatsızdırlar, həm də keçmiş monitorinq
tədbirləri haqqında retrospektiv məlumatlardan məhrumdurlar. Bu mühüm komponentlərin
olmaması vətəndaşları nəinki potensial pozuntular barədə şikayət etmək imkanından məhrum
edir, həm də AİHK-nın 13-cü maddəsində təsbit olunmuş effektiv müdafiə hüququnu birbaşa
pozur.
Şəxsi məlumatlara müdaxilə riskləri
Rəqəmsal hüquqların daim inkişaf edən mənzərəsində insan hüquqlarının qorunmasında özəl
bizneslərin, kommersiya qurumlarının rolu getdikcə daha çox araşdırılır. BMT-nin “Biznes və
İnsan Haqları üzrə Rəhbər Prinsipləri” (UNGP) və Avropa Parlamenti və Şurası tərəfindən
təsdiqlənmiş “Ümumi Məlumatların Qorunması Qaydası” (GDPR) kimi beynəlxalq nüfuzlu
sənədlər bizneslərin insan hüquqları pozuntularına qarşı lazımi araşdırma aparmasının
zəruriliyini vurğulayır. Bu mənada kibercinayətlər, xüsusən tənqidçilərə qarşı kiberhücumlar
kontekstində Azərbaycanda sahibkarlıq subyektləri üçün aydın öhdəliklərin olmaması
narahatlıq doğurur.
UNGP və GDPR tərəfindən müəyyən edilmiş möhkəm standartlardan fərqli olaraq,
Azərbaycan qanunvericiliyində hüquqi şəxsləri öz əməliyyatlarının insan hüquqlarına
potensial mənfi təsirini qiymətləndirməyə və aradan qaldırmağa məcbur edən xüsusi
normalar yoxdur. Bu nöqsan biznes qurumlarının, xüsusən də izləmə və dinləməni təmin
edən texnologiyalarla bağlı istehsal, ixrac, idxal və xidmətlərlə bağlı öhdəliklərinin müəyyən
edilməsində boşluq yaradır. “Telekommunikasiya haqqında” qanunun 38.3-cü maddəsində
operatorlar və provayderlər üçün məxfilik öhdəliyi göstərildiyi halda, 33.1.9 və 33.1.9-2-ci
maddələri icra hakimiyyəti və hüquq-mühafizə orqanlarına vətəndaşların məlumatlarına

nəzarət olmadan müdaxilə imkanı verən yerində inspeksiyalar aparmaqla bağlı qeyri-
proporsional səlahiyyətlər təqdim edir.

Hüquq-mühafizə orqanları tərəfindən məlumatların əldə edilməsi, saxlanması və silinməsini
tənzimləyən dəqiq qaydaların, hüquqi təminatların olmaması səlahiyyətlilərə şəxsi
məlumatlara nəzarətsiz giriş imkanı verir. Bu hüquqi boşluq nəinki potensial sui-istifadəni
asanlaşdırır, həm də insan hüquqlarına hər hansı müdaxilənin zəruriliyini, mütənasibliyini və
qanuniliyini şərtləndirən beynəlxalq standartlara ziddir. Xüsusən də 2019-cu ilin yanvar
ayında siyasi məhbus hesab olunan Mehman Hüseynovun azadlığa buraxılması tələbi ilə
keçirilən mitinqdən sonra polislərin telefon nömrələri əsasında mitinq iştirakçılarını sonradan
polis bölmələrinə dəvət edərək təzyiq göstərməsi telekommunikasiya şirkatlərinin şəxsi
məlumatları qorumaqla bağlı öhdəliklərini qorumadığına işarə olub və hərtərəfli
qanunvericiliyə təcili ehtiyac olduğunu göstərir.
Kibercinayətlər və rəqəmsal təhlükəsizliklə bağlı xüsusi çətir qanunun olmaması
Texnologiyanın sürətlə inkişaf etdiyi, kiberməkanın getdikcə genişləndiyi bir şəraitdə
Azərbaycanda hərtərəfli kibertəhlükəsizlik qanununun olmaması rəqəmsal hüquqların
effektiv qorunmasına kölgə salır. Azərbaycanda internet azadlıqları və fərdi məlumatların
mühafizəsi aspektlərinə toxunan qanunlar olsa da, kibertəhlükəsizliyə xüsusi olaraq həsr
olunmuş vahid hüquqi baza mövcud deyil. Bu boşluq nəinki kibercinayətlərin artan
təkmilləşməsi ilə ayaqlaşmır, həm də qurbanların, o cümlədən tənqidçilərin hüquqlarının
qorunması ilə bağlı narahatlıqları artırır.
Hazırda Azərbaycanda yalnız “İnformasiya, informasiyalaşdırma və informasiyanın

mühafizəsi haqqında” Qanunda kiber insidentlər, təhdidlər və hücumlar kimi anlayışlara
toxunulur, bundan başqa Cinayət Məcəlləsinin 271-74-cü maddələri müdaxilə, ələ keçirmə və
s. kibercinayətkarlıq hallarına görə sanksiyalar müəyyən edir. Bununla belə, fişinq və
hakerlikdən tutmuş şəxsiyyət oğurluğu və kiber zorakılıq kimi daha məkrli təhdidlərə qədər
inkişaf edən kibercinayətkarlıqla mübarizə daha nüanslı hüquqi cavab tələb edir. Xüsusi
kibercinayətkarlıq qanununun olmaması nəinki yaranan təhlükələrə qarşı hüquqi mübarizə
imkanlarında əhəmiyyətli boşluqlar yaradır, həm də qurbanlar üçün möhkəm müdafiə
mexanizminin formalaşdırılmasına mane olur. Kibertəhlükəsizliklə bağlı hərtərəfli və vahid
qanun şərt olmasa da mövcud qanunvericilik çatışmazlıqlarını düzəltmək və rəqəmsal
təhdidlərin inkişaf edən təbiətinə uyğunlaşmaq, hamı üçün daha davamlı və qorunan
rəqəmsal mühiti təmin etmək üçün mühüm fürsətdir.
İnternetdə ifadə azadlığını məhdudlaşdıran qanunlar
2022-ci ildə Azərbaycanda jurnalist peşəkarlığının artırılması və əlverişli mühitin yaradılması
adı altında “Media haqqında” qanun qəbul edilib. Bununla belə, bu qanunvericilik təşəbbüsü
həm onlayn, həm də oflayn rejimdə ifadə azadlığının məhdudlaşdırılmasına görə həm
beynəlxalq, həm də yerli təşkilatlar tərəfindən geniş tənqidlərə məruz qaldı. Tənqidçilər
qanunun qeyri-dəqiq dili, onun hüquq-mühafizə orqanlarına həddən artıq tənzimləmə
səlahiyyəti verməsi və beləliklə də AİHK-in 10-cu maddəsinə zidd olması ilə bağlı əsaslı
narahatlıqları dilə gətiriblər. Digər məhdudiyyətlərlə yanaşı, qanun hüquq-mühafizə
orqanlarına jurnalistləri və sosial media istifadəçilərini yayılması geniş mənada şərh olunaraq
qadağan edilmiş informasiyaların paylaşılmasına görə cəzalandırmaq səlahiyyəti verir.
İnternetdə ifadə azadlığına lüzumsuz məhdudiyyətlər qoyduğuna görə geniş tənqid edilən
digər qanun 1998-ci il tarixli “İnformasiya, İnformasiyalaşdırma və İnformasiyanın
Mühafizəsi haqqında” Qanundur. 15 fevral 2017-ci il tarixində qanuna dəyişikliklər təklif
edilmiş, müzakirə edilmiş və tez bir zamanda qəbul edilmiş, beləliklə də qanunun hərtərəfli
müzakirə edilmədən qüvvəyə minməsi ilə bağlı narahatlıq yaranmışdır. Veb-sayt sahiblərini
məlumatı açıqlamağa məcbur edən, qadağan olunmuş məzmunun silinməsi ilə bağlı öhdəlik
və məsuliyyətlər təyin edən dəyişikliklər onlayn məzmunu tənzimləməyə yönəlmiş geniş
nəzarət imkanları təqdim edib. Bu zahirən əsaslı narahatlıqlara baxmayaraq, qanunvericiliyin
çatışmazlıqları onun dəqiq olmamasında, icra hakimiyyəti orqanlarına geniş mülahizələrin
verilməsində və kifayət qədər prosessual təminatların olmamasındadır.
Hər iki qanun qəbul edildikdən sonra hüquq-mühafizə orqanları tərəfindən onlarla sosial
media istifadəçisini tənqidi paylaşımlara görə cəzalandırmaq üçün sui-istifadə olunub.
b) Praktik çatışmazlıqlar
Effektiv araşdırmaların olmaması
Hüquqi müddəalara və təyin edilmiş qurumlara baxmayaraq, Azərbaycanda hüquq
müdafiəçiləri, fəallar və jurnalistlərə qarşı kiberhücum hallarının effektiv və həfətərfli
araşdırılmasına gəldikdə nəzəri çərçivə ilə praktiki nəticələr arasında kəskin ziddiyyət var.
2017-ci ildən, ən azı hökumət tənqidçilərinə qarşı 46 kiberhücum hadisəsi qeydə alınıb. Bu
işlərin 8-də isə izlər hüquq-mühafizə orqanlarına, o cümlədən Daxili İşlər Nazirliyinə işarə
edib.
Bununla belə, təcrübədən göründüyü kimi, hakimiyyət, tənqidçilərə qarşı kibercinayət
iddialarının araşdırılmasına kifayət qədər passiv yanaşıb və müxtəlif işlərdə araşdırmalara
başlamaqdan açıq şəkildə imtina edib. Baxmayaraq ki, bu işlərin yalnız bir neçəsində
zərərçəkmişlər hüquqi yolu seçərək şikayət təqdim ediblər, bu işlərin heç birinin səlahiyyətli
orqanlar tərəfindən səmərəli araşdırılmaması və cinayət törədən şəxslərin
müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməməsi Azərbaycanda kibertəhlükəsizlik
tədbirlərinin effektivliyi ilə bağlı suallar yaradıb və cəzasızlıq mühiti ilə bağlı vəziyyəti
nümayiş etdirib.
Hüquqi yollardan istifadə edilməməsi
Təhdidlər, kiber zorakılıq və şəxsi yazışmaların icazəsiz paylaşılmasının fonunda hərtərəfli
araşdırmaların aparılmaması zərərçəkmişlər tərəfindən hüquq-mühafizə orqanlarının
institutsional laqeydliyi kimi qəbul edilir və onların hüquqi vasitələrdən istifadə etməsinə
psixoloji maneələr yaradır. Hökumət tərəfindən nümayiş etdirilən bu istəksizlik nəinki
kibercinayətləri aradan qaldırımr, həm də qurbanları rəsmi şikayətlər verməkdən soyudur.
Qəsdən hərəkətsizlik qurbanların hüquqi yollara inamını azaldı və kibercinayətlərin

cəzalanmadan davam etdiyi mühitə töhfə verir. Effektiv olmayan araşdırmalar və qurbanların
şikayət vermək istəməməsi arasında qarşılıqlı əlaqə Azərbaycanda daha möhkəm və həssas
kibertəhlükəsizlik tədbirlərinə və siyasi iradəyə təcili ehtiyac olduğunu göstərir.
Rəqəmsal təhlükəsizlik və strateji məhkəmə işləri ilə bağlı davamlı təşəbbüslərin
çatışmazlığı
Vətəndaş cəmiyyəti təşkilatları kibercinayətlərin qurbanlarının müdafiəsində və onlara dəstək
verilməsində mühüm rol oynayır. Bu dəstəyə həm rəqəmsal savadlılığın artırılması, həm də
strateji məhkəmə işləri vasitəsilə ədalətin təmin olunmasına dəstək tədbirləri daxildir. Risk
altında olan qrupların, xüsusilə də təndiqçilər və insan hüquqları müdafiəçilərinin
kiberhücumlara qarşı həssaslığı onlayn gigiyena vərdişlərinin zəif olması səbəbindən daha da
artır. Bu hədəf qruplardakı fərdlər arasında rəqəmsal savadlılığın aşağı səviyyəsi,
kibertəhlükəsizlik tədbirləri haqqında ətraflı bilik və bacarıqlara sahib olmamaları onları
kibercinayətkarlar üçün asan hədəfə çevirir və təhlükələrə qarşı müdafiəsiz qoyur.
Bundan başqa həm rəsmi qurumlar tərəfindən laqeydlik, həm də strateji məhkəmə işlərinin
aparılmasına dəstək göstərən vətəndaş cəmiyyəti təşəbbüslərinin azlığı qurbanları hüquqi
vasitələrə baş tutmaq və ədaləti təmin etmək imkanlarını məhdudlaşdırır. Belə şəraitdə
fərdlərin və icmaların kibertəhlükələrə qarşı dayanıqlığını gücləndirmək üçün strateji
məhkəmə işləri və rəqəmsal savadlılığı özündə birləşdirən dayanıqlı təşəbbüslərin
yaradılması və dəstəklənməsi vacibdir.

  1. Nəticələr və Tövsiyələr
    Azərbaycanda rəqəmsal hüquqların ümumi mənzərəsi kiber və fiziki hücumlar, hüquqi və
    praktiki çatışmazlıqlarla müşayiət olunur. Həm milli qanunvericilik bazasında, həm də
    praktiki məsələlərdə əhəmiyyətli boşluqlara rast gəlinir. Fəalları, jurnalistləri və hüquq
    müdafiəçilərini hədəf alan kiberhücumlar artıb ki, bu da həyəcanverici tendensiyanı əks
    etdirir. Hökumətin məhdudlaşdırıcı tədbirləri, o cümlədən vebsaytların bloklanması və girişin
    qadağan edilməsi internet azadlıqlarını daha da məhdudlaşdırır. Fiziki hücumlar, o cümlədən
    həbs, cihazlara zorla müdaxilə və müsadirə rəqəmsal hüquqlardan istifadəni daha da
    çətinləşdirir.

Milli qanunvericilikdə qeyri-dəqiq nəzarət standartları, hüquq-mühafizə orqanlarının qeyri-
mütənasib səlahiyyətləri və məhdudlaşdırıcı qanunlar vətəndaşların şəxsi məlumatlarının

toxunulmazığını gətirir və hesabatlılığa mane olur. Tənqidçilərə qarşı kibercinayətlərlə bağlı
effektiv araşdırmaların olmaması və qurbanlar tərəfindən hüquqi yolların aktiv sınanmaması
problemi daha da dərinləşdirir. Hüquqi boşluqlar və praktiki problemlər arasında qarşılıqlı
əlaqə daha möhkəm və cavabdehlik daşıyan kibertəhlükəsizlik çərçivəsinə təcili ehtiyac
olduğunu vurğulayır. Bundan başqa, kibercinayətlərin qurbanlarına məhkəmə dəstəyinin
göstərilməsi üçün təşəbbüslərin olmaması pozuntuların sayının artması fonunda cəzasızlıq
mühitinə daha da kömək edir.
Hesabatda təqdim olunan məlumatların təhlilinə əsasən, İE hökumətə, vətəndaş cəmiyyəti
təşkilatlarına və beynəlxalq ictimaiyyətə aşağıdakıları nəzərə almağı tövsiyə edir;
Hökumətə çağırış;
Avropa İnsan Hüquqları Konvensiyası, Avropa İnsan Hüquqları Məhkəməsinin təlimatları və
digər ən yaxşı beynəlxalq nümunələrə yğun olması üçün qanunvericiliyin nəzərdən
keçirilməsi, dəyişdirilməsi və ləğv edilməsi məqsədilə;
● Hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilən məlumatların saxlanması və məhv
edilməsinə dair şəffaflığın və aydın təlimatların təmin edilməsi
● Şəxsi məlumatları izləmə və dinləmə tədbirlərinə tuş gəlmiş şəxslərin
məlumatlandırılması ilə bağlı dəqiq qaydaların müəyyənləşdirilməsi
● Kommersiya qurumlarının şəxsi məlumatların toxunulmazlığı ilə bağlı öhdəliklərinin
dəqiqləşdirilməsi və hüquq-mühafizə orqanlarına təqdim edilmiş qeyri-proposional
səlahiyyətlərin aradan qaldırılması
● Müstəqil media qurumlarının vebsaytlarına qoyulan əsassız qadağaların aradan
qaldırılması, gələcək əsassız qadağaların qarşısını almaq üçün qaydaların
dəqiqləşdirilməsi və sərtləşdirilməsi
● İnternetdə ifadə azadlığından istifadəyə görə siyasi təqiblərin dayandırılması

● İnkişaf etməkdə olan kibertəhlükələrlə başa çıxmaq üçün kibertəhlükəsizlik üzrə vahid
qanunun hazırlanması
● Fəallara, jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı media qurumlarında paylaşılmış
və ya birbaşa şikayət təqdim edilmiş kibercinayətlər üzrə hərtərəfli və effektiv istintaq
araşdırmalarının aparılması
● Cəzasızlıq mühitinin aradan qaldırılması üçün kiberhücumlara görə günahkarların
müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi
Azərbaycan vətəndaş cəmiyyətinə və media qurumlarına çağırış
● Kiber hücumlar barədə anlaqlığı artırmaq üçün hökumət tənqidçilərini hədəf alan
kibercinayətlər barədə məlumatların yaxından izlənilməsi və ifşa edilməsi
● Rəqəmsal gigiyena mədəniyyətini inkişaf etdirmək, kibertəhlükələrə qarşı həssaslığı
azaltmaq üçün ümumi əhali arasında məlumatlılığın artırılması.
Azərbaycanda maraqlı olan beynəlxalq tərəfdaşlara, vətəndaş cəmiyyəti və hökumətlərarası
təşkilatlara çağırış
● Azərbaycan hökumətinin davamlı olaraq Avropa İnsan Hüquqları Konvensiyası və
Məhkəməsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməsinə çağırılması
● Rəqəmsal təhlükəsizlik və strateji məhkəmə işlərinə diqqət yetirən proqram və
təşəbbüslərin yaradılması və Azərbaycanda müvafiq təşkilatlar və risk qruplarının bu
fəaliyyətlərə cəlb olunması
Hüquq islahatları, kibertəhlükəsizliyin təkmilləşdirilməsi və fəal vətəndaş cəmiyyəti
təşəbbüslərinin birləşməsi Azərbaycanda rəqəmsal hüquqların qorunması üçün vacibdir. İE
hesab edir ki, rəqəmsal azadlıqlara hörmətlə yanaşıldığı, qorunduğu və bütün vətəndaşlar
tərəfindən tam istifadə edildiyi bir mühit yaratmaq üçün hökumət, vətəndaş cəmiyyəti və
beynəlxalq tərəfdaşları cəlb edən birgə səy lazımdır.

Recent Articles

“Müasir Azərbaycan ədəbiyyatı varmı?” başlıqlı müzakirə keçirilib

İştirak Evində Aristotel Fəlsəfə Klubu tərəfindən 27 oktyabrda təşkil edilən "Müasir Azərbaycan ədəbiyyatı varmı?" başlıqlı müzakirə keçirilib.Tədbirin spikeri yazıçı, Avrasiya Universitetinin müəllimi...

ABŞ PREZİDENT SEÇKİLƏRİ MÜZAKİRƏSİ

ABŞ-dəki seçkilər haqqında nə düşünürsüz?Sizcə Demokratlar qalib gələcək, ya Respublikaçılar?Gəlin, biryerdə müzakirə edək!Seçki Müşahidə Alyansı sizi 3 noyabr saat 17:30-da İştirak Evində...

Əmək münasibətlərində gender bərabərliyi: Qanunvericilikdə və Praktikada

İştirak Evində Qadın Hüquqları Evi tərəfindən 27 oktyabrda təşkil edilən "Əmək münasibətlərində gender bərabərliyi: Qanunvericilikdə və Praktikada" başlıqlı müzakirə keçirilib.Tədbirin spikeri hüquqşünas...

Hüquqşünas tələbələr, bu elan sizin üçündür! 📢

Sabahın Vəkilləri İctimai Birliyi sizləri “Leqal Söhbətlər” adlı silsilə müzakirələrə dəvət edir.Növbəti müzakirəmiz “Avropa İnsan Haqları Məhkəməsinin təfsir üsulları” mövzusunda təcrübəli hüquqşünas...

Müasir Azərbaycan ədəbiyyatı varmı?

"Aristotel" Fəlsəfə Klubu yeni mövsümdə yenilənmiş şəkildə qarşınızdadır.27 oktyabr saat 17:30-da Avrasiya Universitetinin müəllimi və AMEA-nın doktorantı Yusif Bidanın spikerliyi ilə Azərbaycan...

Related Stories

Stay on op - Ge the daily news in your inbox